22.06.2019

Burun damcılarına öyrəşmək və bundan qurtulmanın yolları

Həkimlərin sinusit kimi infeksiyon xəstəliklərin müalicəsində təyin etdikləri burun açıcı damcılar xəstələr tərəfindən özbaşına istifadə edildikdə, bu, burun ətlərinin daha çox şişməsinə, burun tıxanıqlığının artmasına səbəb ola bilir. Belə dərmanlar burun içinə püskürdüldüyündə geniş bir sahəyə çatıb xəstəlik səbəbi ilə şişmiş və burun tıxanıqlığına səbəb olan burun ətlərini kiçildirlər. Ancaq uzun müddət və yüksək dozalarda istifadəsi zamanı burun selikli qişasında zədələnmə yaradır və nəticədə burun ətləri daha çox şişməyə başlayır. Burnu daha çox tıxanan xəstə daha çox dərman istifadə edib nəfəs almağa çalışır və get-gedə bu bir asılılıq halını alır. Günlük praktikamda burun damcılarından asılı hala gəlmiş və gecə onsuz yatmayan xəstələrlə tez-tez rastlaşıram. Üstəlik bu asılılıq yalnızca tıxanmaya deyil, burun içində zədələnməyə səbəb olduğundan burun qanaxmaları, burun içində yanma və batma hissi, iy bilmədə zəiflik kimi problemlər yarada bilir.

Hər asılılıqdan yaxa qurtarmaq çətin olduğu kimi burun damcısı asılılığından yaxa qurtarmaq da çox çətindir. Xəstələrin çoxu gündüz istifadəni dayandıra bilsələr belə, gecələri bu dərmansız yata bilmirlər. Əslində bu asılılıqdan yaxa qurtarmağın ən yaxşı yolu, səbirli və dözümlü olub bir neçə həftə dərmandan istifadəni dayandırmaqdır. Bu tip sprey və damcıların istifadə qaydası bir həkim tərəfindən söylənilməlidir. Bu dərmanların bir çoxu qan təzyiqini yüksəltdiyi üçün ürək damar xəstəliklərində istifadəsi riskli ola bilər. Qış aylarında otaq havasının qurumaması və burun içi selikli qişanın qurumasının qarşısını almaq üçün radiyatorlar üzərində su yerləşdirmək mütləqdir. Bu tip dərmanlaradan asılı olmamaq üçün istifadədən öncə mütləq həkimlə məsləhətləşmək lazımdır.

Müəllif: Op. Dr. Cavid İsmayılov