28.06.2019

Ultrasonik piezo rinoplastika

Tibb inkişaf etdikcə metodlar və alətlər də inkişaf etdirilir. Məqsəd daha az travma və daha yaxşı nəticə üçündür. Burun estetik əməliyyatının önəmli etaplarından biri də burun sümüklərinin formalaşdırılmasıdır. İllər ərzində metodlar və alətlər kəşf edilməyə başladı. Kəski çəkiclər, müxtəlif əl mişarları və s.

Burun sümüklərinin formalaşdırılmasını daha öncələri, ultrason piezo cihazı olana qədər çəkic və kəski ilə edirdik. Klassik üsul ilə burun sümüyü formalaşdırılmasında kontrollu kəsik xətti əldə etmək mümkün deyil idi. Həm də çəkic ilə sınmış sümüyün sağalması da uzun davam edir. Bu müddət ərzində xəstələr burun sümüklərində olan ağrılardan şikayət edirlər. Ultrasonik piezo rinoplastikada isə sümüklər düz xətt ilə istədiyimiz formada kəsilərək formalaşdırılır. Bu da estetik baxımdan icra etdiyimiz əməliyyatlarda əks olunduğu üçün artıq burun yanlarındakı sümükləri daha gözəl incəldə bilirik. Daha incə xətlərə sahib burun kənarları əldə edə bilirik. Bununla yanaşı bu cihaz yumşaq toxumalara və damarlara zərər yetirmir. Burun sümüklərinin yanlarından böyük damarlar keçdiyi üçün çəkiclə sümük sındırılması zamanı həmin damarlar zədələnə bilir və nəticədə böyük qansızmalara və göyərmələrə gətirib çıxarır.

Ultrasonik piezo rinoplastika 1

Müəllif: Op. Dr. Cavid İsmayılov